Göz yanmasına ətraf mühit amilləri, ekran istifadəsi, göz quruluğu, allergiya və ya bəzi göz xəstəlikləri səbəb ola bilər. Gündəlik həyatda tez-tez rast gəlinən bu vəziyyət əksər hallarda keçici qıcıqlanmalardan qaynaqlana bilər. Bununla yanaşı, bəzi hallarda infeksiyalar, göz səthi xəstəlikləri və ya allergik reaksiyalar kimi fərqli sağlamlıq problemlərinin əlaməti kimi də görülə bilər. Göz yanmasına sulanma, qızartı, batma hissi və ya görmədə dəyişiklik kimi əlamətlər müşayiət edirsə, vəziyyətin bir göz həkimi tərəfindən qiymətləndirilməsi lazım gələ bilər.
Göz Yanması Nədən Olur?
Yanma hissi çox zaman göz səthinin qıcıqlanması və ya göz yaşı balansının pozulması ilə əlaqəlidir. Bu vəziyyət müxtəlif ətraf mühit, allergik, infeksion və ya quruluş pozğunluqlarından qaynaqlana bilər. Göz yanmasının səbəbini anlamaq üçün şikayətin hansı hallarda ortaya çıxdığına da diqqət etmək lazımdır. Yanma hissinə yoldaşlıq edən sulanma, qaşınma, qızartı və ya batma kimi əlamətlər əsasda yatan sağlamlıq problemi barədə mühüm ipucları verə bilər.
Yayğın səbəblər arasında bunlar yer alır:
-
Quru hava, siqaret tüstüsü, külək və ya kondisioner kimi ətraf mühit amilləri
-
Rəqəmsal ekranlara uzun müddət fokuslanaraq baxmaq göz qırpma sayını azaldaraq göz səthini qurudur
-
Allergenlərə məruz qalmaq
-
Gözə yad cismin düşməsi və ya kimyəvi maddə ilə təmas
-
Kontakt linzaların yalnış və uzunmüddətli istifadəsi
-
Göz gigiyenasına riayət etməmək
Göz Yanması Hansı Xəstəliklərin Əlamətidir?
Göz yanması müxtəlif əlamətlərlə birlikdə ortaya çıxır. Bu da altında yatan xəstəlik barədə ipucları verə bilər. Göz yanmasının tez görüldüyü bəzi xəstəliklər bunlardır:
Quru Göz Sindromu
Göz yaşı istehsalının azalması və keyfiyyətinin aşağı düşməsi nəticəsində quru göz sindromu meydana gəlir. Gözlər quru qaldıqda qıcıqlanır və yanma hissi ilə yanaşı işığa qarşı həssaslıq, batma və görmədə bulanıqlıq da yarana bilər.
Allergik Konyunktivit
Polenlər, ev gənələri, kif göbələkləri, heyvan tükü kimi maddələrə qarşı inkişaf edən allergik reaksiyalarda gözlərdə qaşınma, yanma, sulanma və qızartı görülə bilər. Allergiya mənşəli göz yanmaları adətən mövsümidir və hər iki gözü eyni anda təsirləndirir.
Viral və ya Bakterial Konyunktivit (Göz Zəkanı / Göz Nezlesi)
Konyunktivit, göz səthini örtən qişanın iltihablanması nəticəsində yaranır. Viral və ya bakterial gedişli ola bilər. Bu halda yanma ilə birlikdə gözdə çapaxlanma, sulanma və qapaqlarda yapışqanlıq meydana gəlir.
Blefarit (Göz Qapağı İltihabı)
Göz qapağı kənarlarında yağ vəzilərinin tıxanması nəticəsində yaranan bu narahatlıqda yanma hissi, gözlərdə xırda dənəcik şəklində yad cisim varmış kimi hiss və səhərlər kirpiklərdə qabıqlanma görülə bilər.
Kontakt Linza Mənşəli Qıcıqlanma
Uzunmüddətli və uyğun olmayan kontakt linza istifadəsi göz səthində qıcıqlanmaya səbəb olur. Qıcıqlanma nəticəsində də yanma, batma, quruluq və bulanıq görmə baş verir.
Korneya Xəstəlikləri və Səthi Pozğunluqları
Korneya səthində cızıq, xoralar və ya zədələnmə varsa, bu birbaşa göz yanmasına və işığa həssaslığa səbəb ola bilər. Xüsusilə qəfil başlayan və tək gözdə güclü yanma hissi varsa, korneyanın müayinəsi zəruridir.
Bu əlamətlər əsasda yatan xəstəliyə bağlı olaraq insandan insana fərqli şəkildə özünü göstərə bilər.
Göz Yanmasına Yoldaşlıq Edən Əlamətlər Nə Anlama Gəlir?
Göz yanmasına adətən digər əlamətlər də qoşulur. Bu kombinasiyalar diaqnoz qoyulmasında mühüm ipucları verir:
Göz yanması ilə sulanma arasındakı əlaqə quru göz problemini göstərə bilər. Bu halda göz özünü qorumaq üçün həddindən artıq sulana bilər. Uzun müddət kompüter ekranına baxmaq kimi hallarda gözlər quruyur və ardınca yanma hissi ilə birlikdə sulanma başlaya bilər.
Göz yanması və qaşınma arasındakı əlaqə çox vaxt allergik vəziyyətlərdə görülür. Mövsümi allergiyalar və ya atopik qurulu insanlarda tez-tez rast gəlinən bir haldır. Xüsusilə polen mövsümündə və ya ev tozu ilə təmasdan sonra gözlərdə yanma və qaşınma hiss edilə bilər. Bu halda, gözlərdəki qıcıqlanma və allergik reaksiyalar qaşınmaya səbəb ola bilər.
Göz yanması və qızartı; infeksiyalar, blefarit və ya ciddi qıcıqlanma hallarında meydana çıxır. İnfeksiyalaşmış bir göz və kirpik köklərində yaşanan iltihablanma nəticəsində gözdə qızartı və yanma hiss edilə bilər. Linza istifadəsi zamanı gigiyena qaydalarına əməl edilməməsi də gözdə qızartı və yanmaya yol aça bilər.
Göz yanması ilə batma hissi isə yad cismin mövcudluğu və ya korneya problemləri ilə əlaqəlidir. Küləyin təsiri ilə gözə toz və ya kirpik girməsi nəticəsində batma hissi və yanma baş verə bilər. Korneyada əmələ gələn kiçik cızıqlar və ya travmalar da oxşar şəkildə bu tip əlamətlərə səbəb ola bilər.
Göz Yanması Necə Keçər?
Şikayətləri yüngülləşdirmək üçün ev şəraitində tətbiq oluna biləcək üsullar:
-
Rəqəmsal ekranlara baxarkən 20-20-20 qaydasını tətbiq edərək gözlərinizi dincəldə bilərsiniz.
-
Məkanın havasını nəmləndirərək göz quruluğunun qarşısını ala bilərsiniz.
-
Allergenlərdən mümkün qədər uzaq dura bilərsiniz.
-
Kontakt linza istifadəsinə diqqət edin, həkim məsləhəti olmadan linzanı dəyişməyin.
-
Həkim məsləhəti ilə göz yaşı dəstəkləyici damcılardan istifadə edə bilərsiniz.
Yanma şikayəti uzun müddətdir davam edirsə, görmə dəyişiklikləri ilə birlikdə gedirsə və ya infeksiya şübhəsi varsa, mütləq göz həkiminə müraciət edilməlidir.
Göz Yanması Nə Zaman Ciddi Qəbul Edilməlidir?
Yanma hissinin uzun müddət davam etməsi, getdikcə şiddətlənməsi və ya görmə bulanıqlığı, işığa həssaslıq, güclü qızartı və çapaxlanma kimi əlamətlərlə birlikdə görülməsi əsasda yatan bir göz xəstəliyinə işarə edə bilər. Bu kimi vəziyyətlərdə göz səthi xəstəliklərinin, infeksiyaların və ya digər göz problemlərinin qiymətləndirilməsi lazım gələ bilər. Şikayətlərin davam etməsi halında bir göz həkimi tərəfindən aparılacaq müayinə vasitəsilə səbəb müəyyən edilməlidir.
Tez-tez Verilən Suallar
Göz yanması hansı vitamin çatışmazlığının əlamətidir?
Göz yanması, A vitamini və B2 vitamini çatışmazlığında ortaya çıxa bilər. A vitamini göz səthinin sağlam olmasını təmin edir və çatışmazlığı zamanı göz yaşı istehsalı azala bilər ki, bu da quruluq və yanma hissinə səbəb olur. B2 vitamini çatışmazlığında isə gözlərdə yanma, işığa qarşı həssaslıq və korneya xəstəlikləri kimi narahatlıqlar yarana bilər.
Eynək taxmaq göz yanmasını azaldırmı?
Eynək istifadəsi göz yorğunluğunu azaldaraq göz yanması şikayətini yüngülləşdirə bilər. Lakin eynək nömrəsi yalnışdırsa və ya ehtiyac olduğu halda eynək taxılmırsa, göz əzələlərində zorlanma yaranır və bu da yanma və batma hissinə yol aça bilər.
Göz yanmasının səbəbi infeksiya ola bilərmi?
Bəli, xüsusilə konyunktivit kimi infeksiyalar gözdə yanma, sulanma, çapaxlanma və qızartı kimi əlamətlərlə birlikdə gedə bilər. İnfeksiya vəziyyətində adətən əvvəlcə bir gözdə başlayıb daha sonra digər gözə yayıla bilər və müalicə edilmədikdə ciddi narahatlıqlara səbəb ola bilər.
Göz yanması yalnız yorğunluqdan qaynaqlanır?
Yorğunluq göz yanmasının yayğın bir səbəbi ola bilər; lakin bu vəziyyət adətən keçicidir və dincəlmə ilə azalır. Davamlı təkrarlayan və ya şiddətli yanma hissi allergiya, infeksiya, quru göz sindromu və ya göz səthi xəstəlikləri kimi daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.